Çempionlar Liqasının Liqa mərhələsinin III turunun “Atletik” (İspaniya) - “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və müdafiəçisi Kevin Medinanın iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar sabah baş tutacaq qarşılaşma haqda fikirlərini bildiriblər.
Qurban Qurbanov güclü rəqiblə matça hazır olduqlarını söyləyib: “Vacib oyundur. Çox yaxşı komandaya qarşı çıxış edəcəyik. Təcrübəli baş məşqçiləri var. Özünəxas oyun üslubuna malik, dinamik, çox sürətli, müdafiə və hücumda aqressiv olan kollektivdir. Bizim də ildən-ilə təcrübəmiz artır. Bilirik ki, meydanda çox hərəkət etməli və çox düşünməli olacağıq. Daha yığcam oynamağa və “Atletik”in tempinə tab gətirməyə çalışacağıq. İnanıram ki, azarkeşlərimiz göstərdiyimiz oyundan, apardığımız mübarizədən razı qalacaqlar”.
Baş məşqçi “Qarabağ”ın uğurlu nəticələrinə Türkiyədə marağın artmasına da münasibət bildirib: “Bizim hər matçımıza qardaş ölkə Türkiyədən böyük dəstək olur. Səfərdə çıxış edəndə oyunumuza da gəlirlər. Onların hər birinə təşəkkür edirəm. Çox xoş hissdir. Bizə dəyər verən insanların sayının çox olması məsuliyyətimizi və həvəsimizi artırır”.
Kevin Medina da rəqibə qarşı layiqli mübarizə aparmağa çalışacaqlarını vurğulayıb: “Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Təkcə Uilyams qardaşlarına qarşı deyil, ümumilikdə “Atletik”ə qarşı oynayacağıq. Niko və İnyaki dəyərli futbolçulardır. Ötən mövsüm yaxşı formada olmamışdım. Buna görə cari mövsüm matçlara yaxşı motivasiya ola bilirəm”.