“Atletik” (İspaniya) – “Qarabağ” – 3:1
Qorka Quruzeta, 40, 88; Roberto Navarro, 70 - Leandro Andrade, 1
“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində üçüncü oyununa çıxıb. Komandamız İspaniyanın “Atletik” kollektivinin qonağı olub.
Baş məşqçimiz Qurban Qurbanov Bilbaoda baş tutan matçda aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran, 7. Nəriman Axundzadə.
“San Mames” stadionundakı qarşılaşmaya futbolçularımız əla başlanğıc ediblər. Artıq 1-ci dəqiqədə qonaq meydanında hesabı açmaq mümkün olub. Rəqib müdafiəçilərinin anlaşılmazlığı nəticəsində qapıçı ilə təkbətək çıxan Leandro Andrade şansı əldən verməyib və dəqiq zərbə ilə topu qapıdan keçirib.
Qoldan sonra da komandamız güclü rəqibinə qarşı çəkinmədən mübarizə aparıb. Hər iki komanda sürətli futbol oynadığından, qapılar qarşısında tez-tez təhlükəli vəziyyət yaranırdı. Meydan sahibləri fasilə ərəfəsində bu hücumların birində bərabərlik qolunu vurub.
İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komandanın bir neçə təhlükəli hücumçu olub. Lakin “Atletik” bu imkanlardan yararlanaraq, daha iki qol vurub və 3:1 hesablı qələbə qazanıb.
Üç turdan sonra komandamızın aktivində 6 xal var.
Qeyd edək ki, “Qarabağ” turnirdə növbəti oyununu noyabrın 5-də İngiltərə klubu “Çelsi”yə qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlayacaq.