Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” - “Kopenhagen” (Danimarka) matçının (2:0) ardından baş məşqçimiz Qurban Qurbanov fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdə, bir-birilərinin arxasında idilər. Şükür Allaha, belə gözəl qələbə qazanıldı. Qarşımızda “Kopenhagen” olsa da, futbolçularımız çəkinmədilər, çox ciddi mübarizə apardılar. Xüsusilə də, ikinci hissədə. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hissədə etdik. Rəqib dəyişikliklərlə daha çox riskə getdi. Bəzi top itkilərimiz oldu. Amma ümumilikdə bu cür mübarizə aparmaq bizə qarşıdakı böyük oyunlarda çox fayda verəcək”.
Baş məşqçi ilk iki turdan sonra komandamızın 6 xal toplamasına da münasibət bildirib: “Məndə bu uğura inam həmişə olub. Keçən il bizim çox yaxşı oyunlarımız keçdi. Ancaq cəmi bir qalibiyyət qazandıq. İnanırdım ki, oyunumuzu qoruyub-saxlaya bilsək, mübarizəni yaxşılaşdırsaq, bu mövsüm daha yaxşı nəticə olacaq. Ortada çox gözəl və faydalı göstərici var. Həmişə inamla işləyirəm, futbolçularıma inamla yanaşıram. Onlara da meydanda inamlı olmağı tövsiyyə edirəm”.
Qurban Qurbanov qitənin ən nüfuzlu klub turnirinin turnir cədvəlində liderlər qrupunda yer almağın gözəl hiss olduğunu söyləyib: “Çox gözəl, çox xoş hissdir. Biz Azərbaycanın “Qarabağ”ıyıq. Bu uğura sevinirəm. O yerlərdə olmaq möhtəşəmdir. Cənab Prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik”.