Komandamızın futbolçusu Abdullah Zubir Premyer Liqada 50-ci qolunu vurub. Fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VIII turuna təsadüf edib. “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib.
Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını komandamızın heyətində vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.
Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib. O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.