Qurban Qurbanov: “Kifayət qədər təcrübəmiz var”

Qurban Qurbanov: “Kifayət qədər təcrübəmiz var”

Çempionlar Liqasının Liqa mərhələsinin “Benfika” (Portuqaliya) - “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və yarımmüdafiəçi Kadi Borgesin iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar sabah baş tutacaq qarşılaşma haqda fikirlərini bildiriblər.

 

Qurban Qurbanov futbolçuların ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlarını deyib: "Belə gözəl şəhərdə və stadionda olmaq bizim üçün çox xoşdur. Oyuna daha yaxşı hazırlaşmaq istərdik. Lakin bəzi səbəblərdən istədiyimiz kimi hazırlaşa bilmədik. İstənilən halda kifayət qədər təcrübəmiz var. İnanıram ki, futbolçularımız sabah çəkinmədən ən yaxşı oyunlarından birini keçirəcəklər. Çünki uzun fasilədən sonra Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcəyik. Bu turnirdə iştirak etmək hər bir oyunçumuzun arzusu idi”.

 

Kadi Borges isə isə görüşə hazırlaşmaq üçün çox vaxtlarının olmadığını söyləyib: “Hazırlaşmağa çox vaxtımız olmadı. Ancaq istənilən halda sabahkı matça hazırıq. Çünki belə yarışda iştirak etmək hamımızın arzusu idi. Üç dəfə pley-offda mübarizəni dayandırmışdıq, bu dəfə istəyimizə çatdıq. Çox sevincliyik. Hər il avrokuboklarda güclü komandalarla qarşılaşırıq. Çətin oyunların ab-havasını bilirik. Ümid edirəm ki, ən yaxşı oyunlarımızdan birini keçirəcəyik”.