“Qarabağ” Lissabonda tarix yazdı

“Qarabağ” Lissabonda tarix yazdı

“Benfika” (Portuqaliya) – “Qarabağ” – 2:3

Enzo Barreneçea, 6; Vangelis Pavlidis, 16 – Leandro Andrade, 30; Kamilo Duran, 48; Aleksey Kaşuk, 86

 

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxıb. Komandamız Portuqaliyanın “Benfika” kollektivinin qonağı olub.

 

Baş məşqçimiz Qurban Qurbanov Lissabonda baş tutan matçda aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran.

 

Oyuna daha sürətli start götürən meydan sahibləri ilk 20 dəqiqə ərzində iki dəfə fərqləniblər. Lakin komandamız toparlanaraq, ardıcıl hücumlar təşkil etməyə başlayıb. Bunun nəticəsində 30-cu dəqiqədə Leandro Andrade yaxın məsafədən qüvvətli zərbə ilə fərqi minimuma endirib. Bu qoldan ruhlanan futbolçularımız çəkinmədən güclü rəqibindən üstün oyun sərgiləyib.

 

Fasiləyə qədər komandamız nəinki bərabərlik qolunu vura, hətta hesabda önə də keçə bilərdi. Bunun üçün kifayət qədər qol şansları yaranıb. Lakin bəzi epizodlarda rəqibin qapıçısı qola mane olub, bəzi hallarda isə son zərbə qeyri-dəqiq alınıb.

 

Komandamız səfərdə çıxış etməsinə baxmayaraq, ikinci hissədə daha baxımlı oyun nümayiş etdirib. Üstün performans sayəsində futbolçularımız geridönüş etməyə müvəffəq olublar. Əvvəlcə fasilədən dərhal sonra Marko Yankoviçdən ideal ötürmə alan Kamilo Duran qarşısıalınmaz zərbə ilə toru silkələyib.

 

Matçın son dəqiqələrində isə Aleksey Kaşukun gözəl qolu sayəsində komandamız çətin Lissabon səfərində möhtəşəm qalibiyyət əldə edib. Bununla komandamız Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanaraq, yeni tarix yazıb.

 

Qeyd edək ki, “Qarabağ” turnirdə növbəti oyununu oktyabrın 1-də Danimarka klubu “Kopenhagen”ə qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlayacaq.

5