“Karvan-Yevlax” – “Qarabağ” – 0:2
Elvin Yunuszadə, 11 (avtoqol); Emmanuel Addai, 72
“Qarabağ” Misli Premyer Liqasında ikinci oyununa çıxıb. Komandamız III tur matçında “Karvan-Yevlax”ın qonağı olub.
Baş məşqçimiz Qurban Qurbanov Şamaxı şəhər stadionunda baş tutan matçda aşağıdakı start “11-liy”inə şans verib: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Bir neçə gün əvvəl UEFA Çempionlar Liqası çərçivəsində Macarıstan klubu “Ferensvaroş”la qarşılaşan komandamızın heyətində bu dəfə bir çox dəyişiklik edilmişdi. Hakimin start fitindən dərhal sonra oyuna nəzarəti tam ələ keçirən futbolçularımız ardıcıl hücumlarla rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Bu həmlələr 11-ci dəqiqədə öz bəhrəsini verib. Emmanuel Addainin cinah ötürməsindən sonra rəqibin müdafiəçisi tərs zərbə ilə topu öz qapısından keçirib.
Bundan sonra da üstünlük komandamızın tərəfində olub. Topa daha çox sahib olan futbolçularımız həm mərkəzdən, həm də cinahlardan rəqib müdafiəsində boşluqlar axtarıb. Bu hücumlar 72-ci dəqiqədə tabloda öz əksini tapıb. Addai başla fərqlənib. Beləliklə, komandamız səfərdə 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu sentyabrın 12-də evdə “Zirə”yə qarşı keçirəcək.