“Qarabağ”ın Kabo-Verdeli futbolçusu Leandro Andrade Avropa futbolu tarixində nadir bir uğura imza atıb. O, fərqli UEFA turnirlərində — Çempionlar Liqası və Avropa Liqası — hər ikisində ilk dəqiqədə qol vuran ilk futbolçu olub. Andrade klubumuzun rəsmi saytına müsahibəsində bu barədə və qarşıdakı oyunlar haqda danışıb.
– Leandro, Avropa futbolunda tarix yazmısan. Çempionlar Liqası və Avropa Liqasında fərqli oyunlarda ilk dəqiqədə qol vuran ilk futbolçu olmusan. Bu xəbəri eşidəndə hansı hissləri keçirdin?
"Təəccübləndim. Oyundan sonra xəbərləri görənə qədər bu rekordu qırdığımı bilmirdim. Bu, müsbət bir nailiyyətdir, ona görə bu rekordu əldə etdiyim üçün şadam. Həmin gün daha yaxşı ola biləcək yeganə şey oyunu qazanmaq olardı".
– “Heken” və FKSB-yə qarşı ilk dəqiqədə vurduğun qollardan sonra “Atletik Bilbao”ya qarşı da eyni hal təkrarlanıb. Bu ardıcıllıq təsadüfdür, yoxsa Qurban Qurbanovun tapşırıqlarının nəticəsidir?
"Şübhəsiz ki, bu, baş məşqçimizin bizdən istədiyi ilə üst-üstə düşür — oyunun ilk dəqiqəsindən etibarən diqqətli və fokuslanmış başlamaq. Bu statistikanı artırmaq istəyirəm, amma növbəti dəfə təki oyunun sonu qələbə ilə bitsin. "Atletik" ilə oyunda fərdi olaraq tarix yazdım, amma "Heken" ilə oyunda biz komanda olaraq tarix yazdıq, çünki qrup mərhələsini adladıq. Ona görə də bu, mənim ən sevdiyim qolum idi".
– “Atletik”lə görüşdə erkən qol vursan da, nəticə istədiyiniz kimi olmadı. Oyunda nələri daha yaxşı etmək olardı?
"Oyunda həm yaxşı, həm də pis anlarımız oldu. Düşünürəm ki, bizim "Atletik"ə qarşı göstərdiyimizdən daha yaxşı çıxış etmək potensialımız var. Oyunun nəticəsinə görə məsuliyyət bizə aiddir, daha yaxşı oynaya bilərdik. Alekseyin epizodu ilə oyunun taleyini az qala dəyişirdik — o, fürsəti qaçırmadı, çox düzgün qərar verdi, amma böyük müdaxilə etdiyi üçün Yurinin də haqqını vermək lazımdır".
– Növbəti turda, noyabrın 5-də “Qarabağ” Bakıda “Çelsi” ilə qarşılaşacaq. Komandanın əhval-ruhiyyəsi necədir?
“Çelsi"yə qarşı çox həyəcanlı bir oyun olacaq. Amma etiraf edim ki, hazırda həmin oyun haqqında yox, daha çox o oyuna hazırlıq prosesi barədə düşünürəm. Qarşımızda iki liqa oyunu var və çıxışımızı yaxşılaşdırmaq üçün bir neçə məşq prosesimiz olacaq. Mən də daha çox buna fokuslanmışam".