“Azersun Arena”da qollu bərabərlik

“Azersun Arena”da qollu bərabərlik

“Qarabağ” – “Zirə” – 1:1

Kadi Borges, 81 - Ruan Renato, 39 (pen.)

 

“Qarabağ” Misli Premyer Liqasında üçüncü oyununa çıxıb. Komandamız IV tur matçında “Zirə”ni qəbul edib.

 

Baş məşqçimiz Qurban Qurbanov “Azersun Arena”da baş tutan görüşdə aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 81. Kevin Medina, 2. Mateus Silva, 27. Toral Bayramov, 3. Sami Mmae, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamilo Duran.

 

Oyun qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdən hər iki tərəf sürətli keçidlərlə qol axtarışında olub. Dəqiqələr keçdikcə təşəbbüsü ələ alan futbolçularımız ilk yarım saatda iki yüz faizlik qol şansı əldə edib. Lakin həm Leandro Andrade, həm də Sami Mmae yaxın məsafədən topu qapıçının üstünə vurub. Əvəzində qonaqlar 39-cu dəqiqədə penaltidən hesabı açıblar. Fasilə ərəfəsində Mateuş Koxalski əla qurtarışla diqqət mərkəzinə düşüb.

 

İkinci hissə də gərgin mübarizə şəraitində alınıb. Komandalar azsaylı təhlükəli həmlələrlə diqqət çəkiblər. Matçın sonlarına yaxın ənənəvi oyununu göstərən komandamız çoxgedişli ötürmələrlə rəqibin müdafiə xəttində boşluq axtarıb. Ardıcıl hücumlar 81-ci dəqiqədə bəhrəsini verib. Kadi Borges cərimə zərbəsindən fərqlənib. Komandamızın qalan dəqiqələrdəki cəhdləri bir nəticə verməyib və görüş 1:1 hesablı heç-heçə başa çatıb.

 

Ehtiyatında bir oyun olan komandamız 3 qarşılaşmada 4 xal toplayıb.

 

Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu sentyabrın 21-də səfərdə “Araz-Naxçıvan”a qarşı keçirəcək.

12