Avstriyada son sınaq: 17 qat Avstriya çempionu ilə üz-üzə

Avstriyada son sınaq: 17 qat Avstriya çempionu ilə üz-üzə

Avstriyada təlim-məşq toplanışında olan komandamız sabah yoxlama oyunu keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində təşkil olunan hazırlıq prosesində dördüncü matçına çıxacaq.

 

Rəqib Avstriyanın “Zalsburq” klubu olacaq. İyulun 15-də baş tutacaq toplanışın son matçı yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Qarşılaşma Kaprun stadionunda baş tutacaq.

 

Zalsburqun eyniadlı təmsilçisinin əsası 1933-cü ildə qoyulub. Müxtəlif illərdə fərqli adlarla çıxış edən komandanın ilk böyük uğurları ötən əsrin 90-cı illərinə təsadüf edib.  Həmin vaxt komanda dörd mövsümdə 3 çempionluq yaşayıb. 1993/94 mövsümündə isə “Zalsburq” UEFA kubokunun (indiki Avropa Liqası) finalına qədər irəliləyib.

 

2005-ci ildə klubun sahibi dəyişdikdən sonra Zalsburq təmsilçisi Avstriya futbolunun liderinə çevrilib. Son 18 mövsümdə 14 çempionluq əldə edilib. “Zalsburq” son iki çempionatda gümüş mükafata sahib çıxıb.

 

Rəqibimiz bu uğurlardan başqa, 9 dəfə kubokun, 3 dəfə Superkubokun sahibi olub. Zalsburqun eyniadlı təmsilçisi Avropa Liqasında yarımfinala qədər irəliləyib. Ölkə çempionatlarında 8 gümüşü olan komanda 5 dəfə kubokun finalında büdrəyib.

 

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən komandamız iyulun 2-də başlayan Avstriya toplanışını ayın 16-da başa vuracaq.

6