Qurban Qurbanov: “Vacib qalibiyyət idi”

Qurban Qurbanov: “Vacib qalibiyyət idi”

Misli Premyer Liqasının V turunun “Zirə” - “Qarabağ” oyunundan (1:3) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Çox maraqlı oyun oldu. Hər iki komandanın futbolçuları dinamik oyun göstərdilər. Hər iki komandaya alqış düşür. Azarkeşlərimiz sağ olsunlar, yenə bizimlə idilər. Qarşıda milli komandanın oyunları ilə əlaqədar fasilə yaranacaq. Bəzi futbolçularımız bir neçə gün istirahət edəcək, digərləri isə milli komandalara yollanacaqlar. Onlara və millimizə uğurlar arzulayıram”.

 

Baş məşqçi UEFA Avropa Liqasının yeni formatı və Liqa mərhələsindəki rəqiblər barədə də danışıb: “Maraqlı formatdır. Minimum 8 oyunumuz olacaq. 8 fərqli komandaya qarşı çıxış edəcəyik. Bu, azarkeşlər üçün maraqlı olacaq. Ancaq bizim üçün daha çətindir. Çünki rəqibləri oyundan-oyuna tanıyacağıq. İstənilən halda təqvim hamı üçün eynidir. Hətta bəzi komandalar Çempionlar Liqası səviyyəsindədirlər. Ölkəmizi layiqincə təmsil etməyə, azarkeşlərimiz üçün yaddaqalan ilin olmasına çalışacağıq”.

 

Təcrübəli mütəxəssis debüt oyununda qol vuran yeni transfer Emmanuel Addainin çıxışını da dəyərləndirib: “İlk oyunu idi, rəqib də asan komanda deyildi. Bu, Addainin son 3-4 ayda ilk matçı idi. Buna baxmayaraq, həm fiziki göstəricilər, həm də komanda oyununa uyğunlaşma baxımından ondan razı qaldım. Daha yaxşı olmaq potensialı var”.

12