"Qarabağ" Qarabağda

"Qarabağ" Qarabağda

Bu gün klubumuz Qarabağ bölgəsini ziyarət edib. Rəhbərlik, məşqçi heyəti və futbolçular Gənclər və İdman Nazirliyi ilə birgə layihə çərçivəsində işğaldan azad olunmuş Ağdam, Füzuli, Şuşa və Xankəndi şəhərlərində olublar.

 

Füzuli aeroportuna enişdən sonra ilk dayanacaq Qarabağın tacı Şuşa şəhəri olub. 1 saylı tam orta məktəbdə təşkil olunan görüşdə şagirdlərlə yanaşı, şəhər sakinləri də iştirak ediblər. Kollektivimizi istiqanlılıqla qarşılayan şuşalılar futbolçu və məşqçilərlə söhbət edib, şəkillər çəkdiriblər. Məktəb rəhbərliyinə klubumuzun Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

 

Növbəti hədiyyə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin rəhbərliyinə təqdim edilib. Rektor Şahin Bayramov komandamızı qarşılayaraq universitetin auditoriyaları, laboratoriyaları və kitabxanası ilə tanış edib. Tədbir zamanı xatirə şəkilləri çəkdirilib, müxtəlif mövzularda fikir mübadilələri aparılıb. Şəhər mərkəzində sakinlər futbolçularımızla yaxından ünsiyyət qurmaq imkanı qazanıb.

 

Növbəti dayanacaq doğma Ağdam olub. Qürurla təmsil etdiyimiz şəhərdə ilk tanışlığımız cənab Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş yeni "İmarət" stadionu ilə olub. Nümayəndə heyətinə stadionla yanaşı, şəhərin baş planı ilə bağlı ətraflı məlumat verilib.

 

Tarixi stadionun yerləşdiyi, hazırda "İmarət" kompleksi kimi fəaliyyət göstərən mərkəzdə Ağdam sakinləri doğma komandalarını coşqu ilə qarşılayıblar. Çempionluq kubokunu azarkeşlərə kapitan Bədavi Hüseynovla yanaşı, klubumuzun əfsanəvi futbolçularından olmuş, hazırda baş məşqçi Qurban Qurbanovun köməkçisi kimi fəaliyyət göstərən Müşfiq Hüseynov nümayiş etdirib. Məkanlar barədə klub üzvlərinə ətraflı məlumat verilib. "Qəhrəmanları" ilə görüşdən məmnunluq bildirən sakinlər futbolçu və məşqçilərlə şəkillər çəkdirdikləri üçün şad olublar. Komanda üzvləri ardından Ağdam Cümə Məscidini ziyarət ediblər.

 

Səfərin sonunda klubumuzun üzvləri Füzuliyə yollanıblar. Şəhərin mərkəzində sakinlərlə görüşüb, onlarla şəkillər çəkdirən futbolçular və məşqçilər ardınca Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəblə də tanış olub və xatirə hədiyyəsi təqdim ediblər.

 

Səfər başa çatdıqdan sonra Füzuli Hava Limanına yollanan nümayəndə heyəti Bakıya qayıdıb.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2024-cü il dekabrın 24-də ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycan idmançılarını Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərlər etməyə çağırmışdı.

11