Çempionlar Liqasının Liqa mərhələsinin “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və yarımmüdafiəçi Leandro Andradenin iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar sabah baş tutacaq qarşılaşma haqda fikirlərini bildiriblər.
Qurban Qurbanov Bakıda Çempionlar Liqası oyununun keçirilməsinin hər kəsi həyəcanlandırdığını deyib: “Sevindirici haldır ki, böyük turnirin Bakıda ilk oyunu keçiriləcək. Həm sevincli, həm də çox həyəcanlı və məsuliyyətliyik. İlk matç olduğundan, bilirik ki, diqqət çoxdur. Azərbaycanın hər bölgəsində görüşə maraq böyükdür. Oyuna bacardığımız qədər yaxşı hazırlaşmışıq. Vaxtımız az idi. Yaxşı və ciddi komandaya qarşı oynayacağıq. İnanıram ki, futbolçularım öz qabiliyyətləri və bacarıqları ilə yaxşı mübarizə aparacaq, azarkeşlərimizi sevindirməyə çalışacaqlar”.
Leandro Andrade də vacib oyun olacağını vurğulayıb: “Hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bu da bizi motivasiya edir ki, ən yaxşı oyunumuzu meydanda göstərək. Stadionumuz gözəldir. “Kopenhagen” də əla komandadır. Çempionlar Liqasında hər komanda güclüdür. Biz əlimizdən gələnin ən yaxşısını edəcəyik”.