UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Komandamızın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sentyabrın 30-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Yakob Neestrupun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 16:45-də start götürəcək. Danimarka təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 15:30-da başlayacaq.
Media mənsubları akkreditasiyalarını sentyabrın 30-da saat 10:00-dan 13:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından götürə bilərlər.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 20:45-də başlayacaq.