Əsas komandamızın məşqçi və futbolçuları “Sozopol Cup 2025” turnirinin qalibi olan U-13 və Azərbaycan çempionu adını qazanan U-14 kollektivlərinin üzvləri ilə görüşüblər.
Görüş komandamızın bu gün “Azersun Arena”da keçirilən məşqindən əvvəl gerçəkləşib. U-13 və U-14 komandalarının futbolçuları və məşqçi heyəti önündə çıxış edən baş məşqçimiz Qurban Qurbanov onları qazanılan uğurlar münasibəti ilə təbrik edib. O, akademiyamızın məşqçilərinə və gənc futbolçularına gələcək karyeralarında uğurlar arzulayıb. Tədbirin sonunda U-13 və U-14-ün üzvlərinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 13 yaşadək futbolçulardan ibarət komandamız Bolqarıstanda təşkil edilən “Sozopol Cup 2025” turnirinin qalibi adını qazanıb, 14 yaşadək futbolçulardan ibarət komandamız U-14 Liqasının çempionu olub.